YTP “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kurslarına başlayıb

Parkın mart ayından etibarən start verdiyi təlim kurslarında dünya səviyyəli peşəkar, Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın  İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən “ESADE” Biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors uğurlu biznesin sirlərini iştirakçılarla paylaşır.

Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil edilən silsilə təlim kurslarının budəfəki mövzusu “İddialı satış və idarəetmə komandalarının qurulması”na həsr edilib. Aprelin 14-dən başlayan kursun açılış mərasimində iştirak edən Yüksək Texnologiyalar  Parkının direktoru Seymur Ağayev iştirakçılara prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri haqda məlumat verib.

Daha sonra təqdimata başlayan Ken Mors sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin formalaşması, etimadlılıq, qlobal satış və satış menecmenti, startaplarda satışların əsas rolu, qlobal oyunçular üçün satış, müştəri emalı, satışın qurulması və idarə edilməsi, alıcı etibarının qazanılması yollarından, həmçinin müştəri-satıcı münasibətlərinin formalaşması üçün əhəmiyyətli olan digər mərhələlərdən söz açıb. Birinci təlimdə olduğu kimi, bu tədbirdə də iştirakçılarla fəal dialoqa üstünlük verən Mors təlimin ilk gününü qızğın diskussiyalarla davam etdirib. Aprelin 15-də başa çatacaq təlimin sonunda iştirakçıların münsiflər heyəti qarşısında çıxışları nəzərdə tutulur. Seçim meyarlarına görə onların arasında ən kreativ olanları seçiləcək.

Mənbə: ictnews.az

// Play
>> Skip