“Startup Günləri” çərçivəsində “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans keçirilir

Bu gün Yüksək Texnologiyalar Parkında “Startup Azərbaycan” layihəsinin təşkil etdiyi “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans işə başlayıb.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, startupçıların əsas məqsədi maraqlı ideya təqdim etmək olmalıdır.

“Nazirlik olaraq bizim məqsədimiz startupçılara dəstək olmaqdır. Startupçılar isə ilk növbədə maraqlı ideya təqdim etməlidirlər, ideya olduğu halda onun reallaşdırılması üçün vəsait özü tapılacaq. Ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020-Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkədə perspektivli inkişaf istiqamətləri göstərilir. Startupçılara tövsiyə edərdim ki, bu konsepsiyaya uyğun yeni ideyalar təqdim etsinlər və birlikdə gələcək planların reallaşdırılmasına nail olaq.  Eyni zamanda belə tədbirlər startupçılara dostluq əlaqələri qurmaq və birgə fəaliyyət göstərmək üçün yaxşı bir imkandır. Yüksək Texnologiyalar Parkında yaradılmış şərait müxtəlif texnologiyaların prototiplərini beynəlxalq səviyyədə təqdim etməyə imkan verəcək. Bu arada yaxın zamanda işə başlayacaq “Bakutel-2014″ sərgisində biz ötən il olduğu kimi, startupçılara yer ayırmağı planlaşdırmışıq”, – deyə nazir müavini bildirib.

Tədbir çərçivəsində Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “İnfipro”, “SİNAM”, “SMART” və “Khazar Ventures” şirkətlərinin nümayəndələri yeni başlayan startupçılarla öz təcrübələrini bölüşüb və tövsiyələrini veriblər.

Qeyd edək ki,noyabrın 16-da “Startup Günləri” başa çatacaq.

Mənbə: ictnews.az

// Play
>> Skip