“Microsoft” şirkəti ilə Yüksək Texnologiyalar Parkı arasında videokonfrans keçirilib

ABŞ-Azərbaycan Ticarət Palatasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib.

RYTN yanında Yüksək Texnologiyalar Parkında təşkil olunan konfrans zamanı okeanın o tayında “Microsoft” şirkətinin İnnovasiya Mərkəzi ilə “Skype” üzərindən bağlantı yaradılıb.

Telekonfransda Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, YT Parkın direktoru Seymur Ağayev, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, TASİM layihəsinin İşçi Qrupunun rəhbəri Zaur Həsənov, “Azərkosmos” ASX-nin əməkdaşı Ruslan Əliyev iştirak edib.

Qarşı tərəfdən isə telekonfrans iştirakçıları arasında ABŞ-ın tanınmış iş adamları, ABŞ-Azərbaycan Ticarət Palatasının rəsmiləri, “Microsoft” şirkətinin nümayəndələri olub.

“Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı və həyata keçirilən layihələr” mövzusuna həsr olunmuş videokonfransda nazir müavini Elmir Vəlizadə ölkədə sözügedən sektor üzrə görülən işlərdən danışıb. O, Azərbaycan hökumətinin İKT-ni prioritet sahə elan etdiyini xatırladaraq qeyd edib ki, sektorun daha da inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Bundan sonra digər tədbir iştirakçıları söz alaraq sahələri üzrə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən söz açıblar.

Mənbə: ictnews.az

// Play
>> Skip