Londonda keçirilən “Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumu” uğurla başa çatdı

23-25 iyun tarixlərində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri  və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində səfərdə olub.

Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumu” öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb.

Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar  Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı”  (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki “Azerspace-1″, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiya Parkı, öz yeniliyi ilə seçilən “Ağ şəhər” layihəsi və yerli startaplarla bağlı məlumat verilib.

Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və  gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib.  

Mənbə: ictnews.az

// Play
>> Skip