“Elm festivalı” çərçivəsində Yüksək Texnologiyalar Parkı ilə tanışlıq keçirilib

Bu gün Bakıda “Elm festivalı” çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq məqsədi ilə tədbir keçirilib.

Tədbir çərçivəsində Yüksək Texnologiyalar Parkının direktor müavini Cabbar Musayev “Bakı Elm Festivalı-2014″-ün direktoru Nuridə Quliyevaya bu mötəbər tədbirin uğurla baş tutmasında müvəffəqiyyətlər arzulayıb.

“Yüksək Texnologiyalar Parkının pilot layihəsi çərçivəsində Biznes inkubasiya   mərkəzi yaradılıb və 2015-ci ildən etibarən artıq Pirallahı rayonunda ayrılmış 50 hektar torpaq sahəsində Yüksək Texnologiyalar Parkının inşasının birinci mərhələsi həyata keçiriləcək. Hazırda həmin ərazinin tikintiyə yararlı vəziyyətə gətirilməsi istiqamətində işlər görülməkdədir. Bu texnoloji şəhərcikdə administrativ binalar, elmi araşdırma və tədris mərkəzləri, biznes inkubasiya mərkəzi, rezidentlər üçün ofislər, informasiya mərkəzi, sosial məkanlar, sərgi mərkəzi, kitabxana və digər obyektlərdən ibarət orqanik bir infrastrukturun inşası nəzərdə tutulub”, – deyə Cabbar Musayev bildirib.

Öz növbəsində N. Quliyeva noyabrın 10-11-də Bakıda keçiriləcək Elm Festivalına Azərbaycanın və xarici ölkələrin elmi dairələrində böyük marağın müşahidə olunduğunu qeyd edib.

Sonda tədbir iştirakçıları YTP-də işləyən startapçılarla, texnoloji şirkətlərlə, inkubasiya mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Mənbə: ictnews.az

// Play
>> Skip